Gürcüstanda yeni sərnişindaşıma qaydaları tətbiq olunur
2025-ci il martın 1-dən etibarən yeni sərnişindaşıma qaydalarına əsasən, tibbi müayinədən keçmədən heç bir sürücü reysə buraxılmayacaq.
InterPress.ge xəbər verir ki, bundan əlavə, avtomobillə sərnişindaşıma fəaliyyəti göstərən şəxslər üçün xüsusi icazə tələbi də qüvvəyə minib. Bu, həm beynəlxalq qeyri-müntəzəm sərnişindaşıma, həm də ölkədaxili müntəzəm marşrutlar üzrə fəaliyyət göstərən sürücülərə şamil edilir.
"Okirba" avtovağzalının əməkdaşlarının palitravideo.ge-yə verdiyi məlumata görə, bu ərazidə fəaliyyət göstərən bütün sürücülər lisenziyalıdır. Lisenziya standartlarına cavab verməyən sürücülərin avtovağzala girişinə icazə verilmir.
Sürücülər bildirirlər ki, lisenziyanın verilmə müddəti 3 ildir. 1 martdan etibarən onlardan narkoloji müayinə keçmək və məhkumluq haqqında arayış təqdim etmək tələb olunub. Bundan əlavə, nəqliyyat vasitəsinə aid sənədlər və fərdi sahibkarlıq fəaliyyəti ilə bağlı sənədlər Ədliyyə Nazirliyinə təqdim edilib. Sürücülər bu tələblərin avtovağzalların qaydaya salınması məqsədilə qoyulduğunu ehtimal edirlər.
Bütün lazımi prosedurlardan keçməyən sürücülərin avtovağzal ərazisinə daxil olmasına icazə verilmir. Tibbi müayinədən keçməyən və ya sənədləri qaydasında olmayan sürücülər stansiyaya buraxılmır. Müvafiq yoxlamalardan keçən sürücülərlə isə avtovağzal rəhbərliyi arasında müqavilə bağlanır.
2024-cü il ərzində şəhərlərarası sərnişindaşıma ilə bağlı bir sıra yeni qaydalar qəbul edilib. Bu qaydalara əsasən, avtovağzallar müəyyən standartlara cavab verməlidir. 2025-ci ilin sonunadək bütün avtovağzallar aşağıdakı infrastrukturla təmin olunmalıdır:
🔹️Sürücülər üçün istirahət zonası
🔹️Tibbi məntəqə
🔹️Tualetlər
🔹️Sərnişinlər üçün gözləmə zalı
🔹️Platformalar və digər zəruri obyektlər
Bu tələblər avtovağzalın ölçüsündən və fəaliyyət növündən asılı olaraq fərdi qaydada müəyyən edilir.


