
Kriminal polis detektivi zorakılıq və ölüm hədəsi ittihamı ilə saxlanılıb
Xüsusi İstintaq Xidməti zorakılıq və həyatına qəsd etməklə hədələmə ittihamı ilə Kriminal Polis Departamentinin detektivini saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Xüsusi İstintaq Xidməti yayıb.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs N.N. evlilik dövründə həyat yoldaşına dəfələrlə fiziki zorakılıq tətbiq edib və ona hədə-qorxu gəlib.
Qurumun məlumatına görə, 2024-cü ilin yazında, Surami qəsəbəsində aralarında yaranan mübahisə zamanı N.N. həyat yoldaşını öldürməklə hədələyib, odlu silahı onun alnına dirəyərək fiziki təzyiq göstərib. O, bundan sonra da həyat yoldaşına qarşı zorakılıq və hədələri davam etdirib.
İstintaq, zərərçəkmiş qadının müraciəti əsasında başladılıb. Zərərçəkmiş və onun ailə üzvləri dindirilib, elektron məlumatlar toplanıb və cinayəti sübut edən dəlillər əldə edilib.
Yetərli sübutlar toplandıqdan sonra məhkəmənin qərarı ilə Xüsusi İstintaq Xidmətinin əməkdaşları kriminal polis detektivini saxlayıb.
Prokurorluğun qərarına əsasən, saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 126-cı (prima) maddəsinin birinci bəndi, eyni maddənin ikinci bəndinin “b” yarımbəndi, həmçinin 11 (prima) 151-ci maddənin ikinci bəndinin “d” yarımbəndi üzrə ittiham irəli sürülüb.
Xüsusi İstintaq Xidməti işi araşdırmağa davam edir.