11 
Mar
2025
12:25
292

Ukrayna və ABŞ rəsmiləri Səudiyyə Ərəbistanında görüş keçirəcək

Ukrayna nümayəndə heyəti bu gün ABŞ nümayəndələri ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gedib.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, Prezident Administrasiyasının rəhbəri Andrey Yermak “Telegram” kanalında məlumat yayıb.

“Komanda artıq yerindədir. İşə hazırlaşırıq. Ukraynanın maraqlarını qoruyaraq və müharibənin başa çatdırılmasına dair aydın baxışla, amerikalı tərəfdaşlarımızla səmərəli işləyəcəyik” – deyə Yermak bildirib.

The Economist nəşrinin məlumatına görə, görüşdə hər iki tərəfdən yüksək səviyyəli nümayəndələr iştirak edəcək. ABŞ nümayəndə heyətinə Dövlət katibi Marko Rubio və Milli Təhlükəsizlik məsələləri üzrə müşavir Mayk Uolts rəhbərlik edəcəklər. Heyətə həmçinin ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkof da daxildir.

Ukrayna tərəfdən isə danışıqlara Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, Xarici İşlər Naziri Andrey Sibiga, Müdafiə Naziri Rustem Umerov və hərbi müşavir Pavlo Palisa rəhbərlik edəcəklər.

Bizimlə əlaqə saxlayın