07 
Mar
2025
15:06
186

Şalva Papuaşvili: “Baltikyanı ölkələr Gürcüstanın qanuni hakimiyyətini dəyişdirməyə çalışır”

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Baltikyanı ölkələri Gürcüstandakı siyasi proseslərə müdaxilədə ittiham edib.

InterPress.ge xəbər verir ki, Papuaşvili bildirib ki, keçmiş Sovet İttifaqının üç respublikası – hazırda Aİ üzvü olan Estoniya, Latviya və Litva – Gürcüstan hakimiyyətinin dəyişdirilməsi üçün açıq şəkildə fəaliyyət göstərir.

Papuaşvili: “ABŞ-ın yeni administrasiyası xarici müdaxiləni dayandırıb”

Gürcüstan parlamentinin sədri əlavə edib ki, ABŞ-ın yeni administrasiyası digər ölkələrin daxili işlərinə müdaxilə siyasətini dəyişib və xaricdə bu məqsədlə ayrılan maliyyə vəsaitlərini dayandırıb.

“Prezident Trampın sərəncamında açıq şəkildə yazılıb ki, bu vəsaitlər xarici ölkələrdə sabitliyin pozulması üçün istifadə edilirdi. İndi isə bu fondlar bağlanıb. Əvvəllər USAID, NED və digər qeyri-hökumət təşkilatları (QHT) vasitəsilə bu işlər gizli və dolayı yollarla həyata keçirilirdi. Lakin indi bəzi ölkələrin hökumətləri, xüsusilə Baltikyanı respublikalar, bu prosesdə birbaşa iştirak edir”, – deyə o vurğulayıb.

Papuaşvli həmçinin iddia edib ki, Estoniyadakı bəzi QHT-lər, o cümlədən “Beynəlxalq Şəffaflıq – Gürcüstan” təşkilatı, Gürcüstandakı müxalifətə və vətəndaş cəmiyyətinə platforma verir.

“Bu gün Gürcüstan xalqının adından Eston QHT-ləri danışır. Bu, açıq-aydın göstərir ki, bu üç Baltikyanı ölkənin məqsədi Gürcüstanın qanuni hakimiyyətini devirməkdir”, – deyə o bildirib.

Papuaşvili: “Sanksiyalar müxalifət və QHT-lərin iştirakı ilə hazırlanıb”

Parlament sədri Baltikyanı ölkələrin Gürcüstana qarşı tətbiq etdiyi sanksiyalara da toxunub və iddia edib ki, bu sanksiyalar müxalifət və bəzi QHT-lərin iştirakı ilə hazırlanıb.

“Estoniyanın xarici işlər naziri, görünür, Gürcüstan polis əməkdaşlarının adlarını və soyadlarını tanımır. Bu siyahının “Beynəlxalq Şəffaflıq – Gürcüstan” QHT-si tərəfindən hazırlandığı artıq aydındır. Məqsəd bəllidir – Gürcüstanda mövcud hökuməti dəyişmək”, – deyə o əlavə edib.

Papuaşvili iddia edib ki, Baltikyanı ölkələr Gürcüstanı Rusiyaya qarşı mübarizədə vasitə kimi istifadə etməyə çalışır.

“Bu üç keçmiş Sovet respublikası Rusiyadan qorxur və bu qorxularını gizlətmək əvəzinə, digər ölkələri öz yerinə mübarizəyə cəlb etməyə çalışırlar”, – o bildirib.

“Gürcüstan sanksiyalar tətbiq etsəydi, iqtisadiyyatı çökmüş olardı”

Papuaşvili Gürcüstanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməməsi barədə də danışıb və iddia edib ki, əgər Tbilisi bu addımı atsaydı, iqtisadiyyat 18%-ə qədər geriləyəcək və yeni müharibə riski yaranacaqdı.

“O zaman siz bizə deyirdiniz ki, sanksiyalar tətbiq edin. Amma biz bu qərarı vermədik və haqlı çıxdıq. İndi də eyni vəziyyət ola bilər – siz bizə nəyisə etməyi deyirsiniz, amma biz haqlı ola bilərik”, – deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər