
Qızılın qiyməti rekord həddə çatdı – Gürcüstanda vəziyyət necədir?
Dünyada qızılın qiyməti artmaqda davam edir.
InterPress.ge xəbər verir ki, qızılın bir unsiyasının qiyməti beynəlxalq bazarlarda 2 953 dollara çatıb.
Gold Prices platformasının məlumatına görə, qızılın qiyməti bir ay ərzində 16%, son bir il ərzində isə 44% bahalaşıb.
Qızılın qiymətinin artmasının əsas səbəbi qlobal ticarət gərginliyinin artmasıdır. Xüsusilə ABŞ Prezidenti Donald Trampın alüminium və polad idxalına 25%-lik vergi tətbiq etməsi qlobal bazarlarda qeyri-müəyyənlik yaradıb. Bundan əlavə, Tramp yeni tariflərin tətbiqini elan edib, bu da maliyyə bazarlarında qeyri-stabil vəziyyətin yaranmasına səbəb olub.
Qlobal bazarlardakı bahalaşma Gürcüstanda da öz təsirini göstərib. Tbilisidə "Qızıl Birjası"nın tacirləri bildirirlər ki, 1 qram saf qızılın qiyməti 265 laridən satılır.
Buna baxmayaraq, bahalaşma səbəbindən qızıl alıcılarının sayı kəskin azalıb.
"Səhər bazara gəlirik və artıq qızılın qiyməti bahalaşıb. 1 qram saf qızıl 265 laridir. Qiymət artdıqca müştəri azalır. Bu qədər bahalı qızıl heç vaxt olmamışdı," – deyə birja tacirlərindən biri bildirib.
Tacirlərin sözlərinə görə, yerli bazarlar tamamilə qlobal qızıl qiymətlərindən asılıdır və qiymətlər beynəlxalq birjalardakı dəyişikliklərə uyğun müəyyən edilir.