13 
Fev
2025
21:39
1167

Avstriyada Gürcüstan vətəndaşı bunu etdiyinə görə saxlanıldı

Avstriya hüquq-mühafizə orqanları Gürcüstanın 35 yaşlı vətəndaşını qeyri-qanuni kosmetik əməliyyat keçirdiyinə görə saxlanılıb.

InterPress.ge xəbər verir ki, o, özünü təcrübəli plastik cərrah kimi təqdim edərək 58 yaşlı qadına çənə dartma və qırışların düzəldilməsi əməliyyatı etməyə çalışıb.

Hadisə Vyananın mərkəzi rayonlarından birində, kirayə götürülmüş mənzildə baş verib. Əməliyyat zamanı qadının boğaz, qulaq və çənə nahiyəsində dərin kəsiklər edilib, lakin cərrah proseduru tamamlaya bilməyib. Qadında şiddətli qanaxma və tənəffüs çətinliyi yaranıb, vəziyyəti sürətlə pisləşdiyindən onu müşayiət edən şəxs təcili tibbi yardım çağırıb.

Həkimlər hadisə yerində ilkin tibbi yardım göstərdikdən sonra qadını ağır vəziyyətdə xəstəxanaya yerləşdiriblər, burada ona təcili cərrahi müdaxilə edilib. Hazırda onun vəziyyəti stabil olaraq qiymətləndirilir.

Hadisə yerinə çağırılan polis mənzildə geniş axtarış aparıb və müxtəlif cərrahi alətlər, tibbi avadanlıqlar, dezinfeksiya və sterilizasiya qurğuları, həmçinin prosedurların qiymət cədvəli və məlumat materialları aşkarlayıb.

Məlum olub ki, 35 yaşlı şübhəli şəxs Avstriyada tibb praktikasına sahib deyil və onun cərrah olduğuna dair rəsmi lisenziyası yoxdur. Hüquq-mühafizə orqanları onun Gürcüstanda cərrah kimi fəaliyyət göstərdiyinə dair iddialarını araşdırır.

Avstriya polisi eyni zamanda şübhəlinin mənzili kirayəyə götürdüyü şəxsin rolunu da araşdırır. Bildirilir ki, mənzili ona Gürcüstanda tibb sahəsində tanış olduğu digər bir gürcü vətəndaşı kirayəyə verib. Lakin onun bu əməliyyatda hansı rola malik olduğu hələ dəqiqləşdirilməyib.

Qeyri-qanuni tibbi əməliyyat keçirməkdə və ağır bədən xəsarəti yetirməkdə ittiham olunan şübhəli şəxs hazırda həbsxanada saxlanılır. Məhkəmə prosesi davam edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər