
Parlament qarşısında etiraz aksiyası: Vətəndaşlar Mziya Amaglobelinin azadlığa buraxılmasını tələb edirlər
Parlamentin arxa girişində yaz sessiyasının plenar iclasından öncə vətəndaşlar etiraz aksiyası keçirirlər.
InterPress.ge xəbər verir ki, onlar 24 gündür aclıq aksiyası keçirən "Batumelebi" və "Netgazeti"nin təsisçisi Mziya Amaglobelinin azadlığa buraxılmasını tələb edirlər.
Etirazçılar bildirirlər ki, Amaglobeli hakimiyyət üçün arzuolunmaz şəxsdir və öz siyasi mövqeyinə görə cəzalandırılır. Onlar Baş prokuror Giorgi Gabitaşviliyə müraciət edərək, onun barəsindəki həbs qətimkan tədbirinin daha yüngül cəza ilə əvəz edilməsini istəyirlər.
Aksiya iştirakçıları "Mziyaya azadlıq!", "Vaxt itirməyin, mübarizə aparın!" yazılı plakatlarla parlament qarşısına toplaşıblar. Eyni zamanda, deputatları səsgücləndiricilərlə qarşılayaraq onların parlamentə girişini müşayiət edirlər.
Bundan əlavə, etirazçılar "Gürcü Arzusu"nun Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə təklif etdiyi dəyişikliklərə də etiraz edirlər. Aksiya zamanı "Mziyaya azadlıq!", "Oliqarxiyaya od vurun!" kimi şüarlar səsləndirilir.
Parlament ətrafında Daxili İşlər Nazirliyinin əməkdaşları gücləndirilmiş rejimdə çalışır, binanın arxa girişində polis kordonu yaradılıb.
Qeyd edək ki, bu gün parlamentdə yaz sessiyasının plenar iclası keçiriləcək. İclasın əvvəlində seçki kollegiyası tərəfindən prezident vəzifəsinə seçilmiş Mixeil Kavelaşvili çıxış edərək ölkənin vəziyyəti ilə bağlı "Gürcü Arzusu" deputatlarına hesabat verəcək.