22 
Yan
2025
21:09
298

Regionun aparıcı xəbər protalarının rəhbərləri Aİ səfiri ilə görüşüb - FOTO

Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski, Kvemo Kartli regionunda fəaliyyət göstərən aparıcı xəbər portallarının rəhbərləri və əməkdaşları ilə görüş keçirib. 

InterPress.ge xəbər verir ki, görüşdə regiondakı problemlər, medianın fəaliyyəti və gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Görüşdə InterPress.ge xəbər portalının rəhbəri Nahid Qurbanov, 24News.ge-nin rəhbəri Azər Məmmədov, Aktual.ge-nin rəhbəri İlkin Hüseynov, hər üç medianın əməkdaşları və həmçinin "Qırmızı-Körpü" təşkilatının rəhbəri Ceyhun Məhəmmədəli və təşkilatın üzvləri iştirak ediblər.

Media rəhbərləri çıxış edərək idarə etdikləri xəbər portallarının fəaliyyəti, məqsədləri və regionda gördükləri işlər barədə ətraflı məlumat təqdim ediblər. Hər üç xəbər portalının nümayəndələri bölgədəki problemlər, etnik azlıqların cəmiyyətə inteqrasiyası və məlumatlandırılması sahəsində görülən işlərə xüsusi diqqət çəkiblər.

Səfir Pavel Herçinski çıxışında hər üç medianın fəaliyyətini yüksək qiymətləndirib və bu portalları yaxından izlədiyini bildirib. O vurğulayıb ki, bu media qurumları etnik azlıqların hüquqları, məlumatlandırılması və inteqrasiyası istiqamətində əhəmiyyətli işlər görür. Səfir həmçinin Marneuliyə səfər etməyi, bu bölgədəki vəziyyətlə yaxından tanış olmağı və media qurumlarının ofislərini ziyarət etməyi planlaşdırdığını da qeyd edib.

Görüş zamanı tərəflər arasında fikir mübadiləsi aparılıb, mövcud problemlərin həlli yolları və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Media rəhbərləri səfir Pavel Herçinski-yə xoş qarşılama və diqqət üçün təşəkkür ediblər. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər