Rusiya işğal olunmuş Abxaziyanı maliyyələşdirməyi dayandırıb
Rusiya sentyabrın 1-dən Abxaziyanı maliyyələşdirməyi dayandırıb və müəyyən öhdəliklərin yerinə yetirilməsini tələb edir.
InterPress.ge xəbər verir ki, bu barədə işğal olunmuş Abxaziyanın xarici işlər naziri Sergey Şamba bildirib.
Onun sözlərinə görə, rəsmi Moskva Abxaziyanın üzərinə götürdüyü yerinə yetirilməmiş öhdəliklərin müəyyən sanksiyalara səbəb ola biləcəyini dəfələrlə bəyan edib.
“Onların [sanksiyaların] icrasına artıq sentyabrın 1-dən başlanılıb. Sosial maliyyələşdirmənin həkimlərə, müəllimlərə, təhlükəsizlik qüvvələrinə və başqalarına aid hissəsi artıq dayandırılıb. Bundan əlavə, hər qış qarşılaşdığımız elektrik enerjisi ilə bağlı məsələ var ki, bunun üçün biz kommersiya tarifi ödəməliyik”, - deyə Şamba brifinqdə bildirib.
KİV-in məlumatına görə, Bjaniya və Novak arasında keçirilən görüşün protokoluna əsasən, Rusiya sentyabrın 1-dən “Abxaziya tərəfi” aşağıdakı öhdəlikləri yerinə yetirənə qədər işğal olunmuş Abxaziyaya maliyyə yardımını dayandırmaq niyyətindədir:
- İqtisadi məsələlər üzrə məhkəmə və arbitraj qərarlarının tanınması və icrası haqqında sazişin ratifikasiyası;
- Abxaziya ərazisində Rusiya hüquqi şəxsləri tərəfindən investisiya layihələrinin həyata keçirilməsinə dair sazişin qüvvəyə minməsinin təmin edilməsi;
- Rusiya investorları üçün kommersiya daşınmaz əmlak bazarında (mənzillərdə) məhdudiyyətlərin aradan qaldırılması;
Eyni zamanda, işğalçı ölkə Dövlət Duması və Federasiya Şurasını Rusiya qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı qeyri-konstruktiv mövqelərinə görə “Abxaziya parlamentinin deputatları” ilə təması minimuma endirməyə çağırmaq niyyətindədir.