Mariya Zaxarova - Rusiya Tbilisi, Sxinvali və Suxumi arasında dialoqa kömək etməyə hazırdır
Regionda uzunmüddətli sülhün bərqərar olması üçün bir tərəfdən Tiflis, digər tərəfdən isə Sxinvali və Suxumi arasında müzakirələr aparılmalıdır.
InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın bəyanatında deyilir.
Onun sözlərinə görə, Rusiya bu dialoqu asanlaşdırmağa hazırdır.
"Biz hesab edirik ki, müzakirə iştirakçıları öz potensiallarından daha çox istifadə etməlidirlər, ilk növbədə, bir tərəfdən Tbilisi, digər tərəfdən Suxumi və Sxinvali arasında güc tətbiq etməmək haqqında sazişin hazırlanmasına başlamalıdırlar", - Zaxarova qeyd edib.
Onun sözlərinə görə, tədbirlər 2008-ci ilin avqustunda baş vermiş faciəli hadisələrin təkrarlanmayacağına etibarlı təminat ola bilər.
Bəyanatda həmçinin vurğulanır ki, “Gürcüstan-Cənubi Osetiya və Gürcüstan-Abxaziya dövlət sərhədlərinin delimitasiyası prosesinə sonrakı demarkasiya ilə başlamaq” vəziyyətin sabitləşməsinə real töhfə verməlidir.
"Son vaxtlar bu vəzifələrin aktuallığı artıb, çünki Vaşinqton və onun müttəfiqləri Rusiya sərhədlərində vəziyyətin gərginləşdirilməsi kimi aşkar məqsədə nail olmaq üçün regiondaxili münaqişələrdən istifadə etmək səylərini gücləndirirlər", - Zaxarova qeyd edib.
Onun sözlərinə görə, “Rusiya Cənubi Qafqazın taleyinə biganə qala bilməyənlərlə münasibətləri davam etdirməyə, o cümlədən davamlı sülhün bərqərar olması və regionda yığılmış digər problemlərin həlli üçün Tbilisi, Suxum və Sxinvali arasında dialoqun inkişafına kömək etməyə hazırdır”, - Zaxarova qeyd edib.


