Marneulidə şahmat turniri keçirilib- FOTO
Marneulidə 20 iyul Beynəlxalq Şahmat Gününə və Dünya Şahmat Federasiyası “FİDE” -nin 100 illiyinə hər olunmuş şahmat turniri keçirilib.
InterPress.ge xəbər verir ki, şahmat turniri İnkişaf və Təhsil mərkəzinin təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə Marneulidə yerləşən Çay Evində keçirilib.
Turnirdə Qardabani, Bolnisi, Saqareco və Marneuli bələdiyyəsindən iki kateqoriyada - 13 yaşa qədər və 13 yaşdan yuxarı 60-a yaxın şahmatçı iştirak edib.
Turnirin açılışını edən İnkişaf və Təhsil mərkəzinin direktoru Emin Əhmədov çıxış edərək, turnir iştirakçılarını bu gün münasibəti ilə təbrik edib, hər bir idmançıya uğurlar arzu edib. Çıxış edən E.Əhmədov gənclər arasında şahmata marağın artırılması üçün maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyinidən və bu cür turnirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Keçirilən şahmat turnirində şahmatçılar uğurla iştirak ediblər və 13 yaşa qədər olan kateqoriyada birinci yeri Marneuli bələdiyyəsinin Kürtlər kəndindən olan Məhəmməd Şərəyev tutub. İkinci və üçüncü yerləri isə Marneuli bələdiyyəsindən olan Əli Əliyev və Timur Kələyev tutublar.
Sözügedən turnirdə 13 yaşdan yuxarı kateqoriyada isə birinci yeri Cahandar Bayramov, ikinci yeri Tacir Allahverdiyev, üçüncü yeri isə Bəxtiyar Məmmədov tutub.
Turnirin qaliblərinə diplom və medallar təqdim olunub.
Qeyd edək ki, artıq Tea House- də SOCAR-ın dəstəyi ilə 12 ildir ki, şahmat kursları keçirilir. Bu kursun yetirmələri bu illər ərzində bir çox turnirlərdə, yarışlarda iştirak edərək böyük uğurlar qazanıblar. Keçirilən turnir gənç şahmatcılar Cahandar Bayramov və Tacir Allahverdiyevin rəhbərliyi ilə keçirilib.




