Baş nazirdən açıqlama - Müəllimlərin maaşları artacaq
Gürcüstanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, dövlət məktəblərində işləyən 52 min müəllimdən 37 mininin maaşı ən azı 500 lari, bütün müəllimlərin isə ən azı 250 lari artırılacaq.
IntePress.ge xəbər verir ki, bu barədə baş nazir hökumət iclasında məlumat verib.
“Bildiyiniz kimi, ötən il bu ilin iyul ayının 1-dən müəllimlər üçün yeni əməkhaqqı sxeminin tətbiq olunacağı və orta artımın 500 lari olacağı açıqlanıb. Dövlət məktəblərində ümumilikdə 52 min müəllim var ki, onlardan 37 min müəllim, yəni bütün müəllim kontingentinin 70%-i ən azı 500 lari, o cümlədən müəyyən kateqoriyalı 800 lari və daha çox artırılacaq. Müəllimlərin təxminən 25%-i ən azı 300 lari, bütün müəllimlər ən azı 250 lari artım alacaq. Bu, əməkhaqqının əhəmiyyətli dərəcədə artırılmasıdır ki, bu da son nəticədə bütövlükdə ümumi təhsil sisteminə, ölkəmizdə təhsilin keyfiyyətinə müsbət təsir göstərir. Təbii ki, bu, təhsil sisteminin gələcək inkişafı istiqamətində atılmalı olan addımlardan biridir və islahatların həyata keçirilməsi davam etdiriləcəkdir. Növbəti 4 il ərzində istər ümumi, istərsə də ali təhsilin bütün sahələri islahatlarımızın ən mühüm istiqamətlərindən və prioritetlərindən biri olacaqdır. Eyni zamanda, karyera yüksəlişi sisteminin təkmilləşdirilməsi üzrə işlər davam etdiriləcək, bu da çox vacibdir - bu istiqamətdə bəzi çatışmazlıqlar var idi və biz bu mövzular üzərində fəal işləməyi davam etdirəcəyik”, - Baş nazir bildirib.


