Baş nazir polis əməkdaşlarına təşəkkür edib
“Ölkəmizdə son zamanlar inkişaf edən proseslərdə siz bir daha yüksək peşəkarlıq, vətənpərvərlik nümayiş etdirdiniz. Mən dəfələrlə demişəm və bir daha qeyd etmək istəyirəm ki, bu gün Gürcüstan polisi Avropa və Amerika polislərindən daha yüksək səviyyədə fəaliyyət göstərir. Bir daha buna görə çox sağ olun”
InterPress.ge xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Polis Gününə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı deyib.
Hökumət başçısı polis əməkdaşlarına əvəzsiz əməyinə, peşəkarlığına və vətənpərvərliyinə görə təşəkkür edib, onlara dəstək olacağına söz verib.
“Ən çətin işinizdə ən yaxın insanların dəstəyinin olmasının nə qədər vacib olduğunu bilirəm. Valideynlərinizə, həyat yoldaşlarınıza, uşaqlarınıza - ailənizin hər bir üzvünə təşəkkür etmək istəyirəm. Sizə əvəzsiz əməyinizə, peşəkarlığınıza və vətənpərvərliyinizə görə Gürcüstan Hökuməti və şəxsən öz adımdan bir daha təşəkkür edir və bundan sonra da Sizi dəstəkləməyə söz verirəm. Sizə və ailənizə sülh, firavanlıq və uğurlar arzulayıram. Bir daha sizi bugünkü gün münasibətilə təbrik edirəm”, - deyə baş nazir bildirib.


