27 
May
2024
11:34
289

İsveçin XİN rəhbəri: “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu Gürcüstanla Aİ arasında münasibətlərdə dəyişiklik deməkdir

“Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbulu Gürcüstan və Avropa İttifaqı arasında münasibətlərdə dəyişiklik deməkdir.

InterPress.ge xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billstrom Avropa İttifaqının xarici işlər nazirlərinin iclası başlamazdan əvvəl bildirib.

Qeyd edək ki, Avropa Şurasının iclasında müzakirə olunacaq məsələlərdən biri də Gürcüstan parlamentinin qəbul etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanundur.

“Biz Gürcüstanda hadisələrin inkişafını nəzərdən keçiririk. Gürcüstan hökumətinin qeyri-hökumət təşkilatlarının fəaliyyətini məhdudlaşdırmağa yönəlmiş qanunu qəbul etməkdə davam etməsi narahatedicidir. Aİ buna cavab verməlidir. Fikrimcə, Gürcüstanla köhnə münasibətləri davam etdirmək olmaz. Biz Gürcüstan hökuməti ilə bu məsələ ilə bağlı Avropa İttifaqı tərəfindən çox qətiyyətlə danışmalıyıq. Hələ başlamamış bugünkü müzakirədən gözləntilərim böyükdür, lakin İsveçin mövqeyi çox aydındır - Gürcüstanda hadisələrin inkişafı çox narahatedicidir. Biz “xarici agent” kimi damğalanan qeyri-hökumət təşkilatlarına qarşı qanunun qəbulunu görmək istəmirik və bu, Rusiyada mövcud olan qanunvericiliyin təkrarıdır. Bu, əslində Rusiya qanunvericiliyinin nümunəsinə uyğundur. Bu qanunun qəbulu yolverilməz olardı.

Avropa İttifaqı, Avropa Şurası və Komissiya Gürcüstana eyni mesajı verməlidir ki, bu qanunun qəbulu münasibətlərimizdə dəyişiklik deməkdir. Ancaq yenə də deyirəm ki, bu məsələ ilə bağlı hələ müzakirələrimiz olmayıb və mən o müzakirələri eşitmək istərdim. Mən həm də Avropa Komissiyasından Gürcüstana və Gürcüstan hökumətinə aydın mesaj eşitmək istərdim. Onu da xatırlamalıyıq ki, gürcü xalqının əksəriyyəti Avropa İttifaqı ilə sıx münasibətlər qurmaq istəyir və onlar bu qanunvericiliyi dəstəkləmirlər, bunu Gürcüstanda həm Tbilisidə, həm də Gürcüstanın digər şəhərlərində keçirilən kütləvi nümayişlər sübut edir. Biz gürcü xalqının yanında olmalıyıq və bu, Aİ tərəfindən balanslaşdırılmış yanaşma tələb edir”, - deyə Tobias Bilstrom bildirib.

Bizimlə əlaqə saxlayın