Rustavidə Gürcüstan və Azərbaycanın Müstəqillik Günü qeyd olunub
May ayının 25-də Rustavi Təhsil və Mədəniyyət Mərkəzində 26 May – Gürcüstanın, 28 May – Azərbaycanın Müstəqillik Günlərinə həsr olunmuş tədbir keçirilib.
InterPress.ge-nin xəbərinə görə, Gürcüstanın və Azərbaycan Respublikasının Dövlət himnlərinin səsləndirilməsindən sonra Mərkəzin direktoru Raidə Dərziyeva çıxış edib, hər iki dövlətin əsas bayramı olan Müstəqillik Gününün əhəmiyyətindən danışıb, iki dost və qardaş xalqın azadlıq mücadiləsini xüsusi vurğulayıb.
Sonra Mərkəzdə təhsil alan şagirdlər Azərbaycan və gürcü dillərində vətənpərvərlik mövzusunda mahnı və şeirlər səsləndiriblər, milli rəqslər nümayiş etdiriblər.
Daha sonra Qardabani rayonunun Qaratəhlə kənd orta məktəbinin şagirdləri “Şirin dil” mahnısını ifa ediblər.
Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri, Rustavi şəhəri 18 saylı məktəbin və Qaratəhlə kənd orta məktəbinin bir çox müəllimləri və valideynlər iştirak ediblər.
Tədbirin sonunda Azərbaycan Yazıçılar Birliyi Gürcüstan bölməsinin sədri, şair-publisist Rafiq Hümmət, Qaratəhlə kənd orta məktəbinin direktoru Bəhram İsayev, Rustavi şəhər 18 saylı orta məktəbin müəllimləri Savalan Osmanov, Mədinə Həsənova, Məlahət Allahverdiyeva, Beynəlxalq “Maarif” məktəbinin müəllimi Nato Qoqiçaşvili və başqaları çıxış edərək öz ürək sözlərini söyləyiblər, tədbirin baş tutmasında əməyi keçənlərə təşəkkür ediblər.




