Marneulidə Tasua yürüşü keçiriləcək
Marneulidə avqust ayının 29-u Tasua yürüşü keçiriləcək.
Bu barədə InterPress.ge-yə Ümumi Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin Şeyxi Mirtağı Əsədov bildirib.
ÜGMADİ-nin Şeyxi qeyd edir ki, hər il olduğu kimi bu ildə izdihamlı Tasua yürüşü keçiriləcək. O, eyni zamanda qeyd edir ki, Səhiyyə Nazirliyi tərəfindən verilən bütün tövsüyələrə riayət olunacaq.
Verilən məlumata görə, yürüş hər il olduğu kimi saat 11:00-da Marneulidə yerləşən Əhli-Beyt cəmiyyətinin qarşısından başlayacaq, İmam Əli (ə) məscidinin qarşısında sona çatacaq.
Qeyd edək ki, dini ədəbiyyatda “Tasua” dedikdə Məhərrəm ayının doqquzuncu günü nəzərdə tutulur. Hicri qəməri təqvimlə 61-ci ilin Məhərrəm ayının doqquzunda (Tasuada) Kərbəla çölündə İmam Hüseyn (ə) və onun yaxınları Ömər ibn Sədin (lən) qoşunları tərəfindən mühasirəyə alınıb. Həmçinin həmin vaxt əziz Peyğəmbərimizin (s) Əhli-beytindən olan İmam Hüseyn (ə) və onun yaxınlarının üzünə su yolları bağlanıb.


