Tbilisidə keçirilən şahmat üzrə dərəcə yarışlarında soydaşlarımız uğur qazanıblar
Tbilisi şəhərində keçirilən Gürcüstan Şahmat Federasiyasının dərəcə yarışlarında "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin şahmat klubunun üzvləri Renat Əsgərov və Rəvan Mamedov 5-ci dərəcədə uğurla çıxış ediblər.
InterPress.ge-nin xəbərinə görə, Renat Əsgərov 5-ci dərəcə oyunlarının 2-ci mərhələsində 5,5 bal toplayaraq 4-cü dərəcədə oynamağa haqq qazanıb. Rəvan Mamedov isə ilk dəfə qatıldığı 5-ci dərəcə oyunlarının 1-ci mərhələsini uğurla başa vuraraq 2-ci mərhələyə adlayıb.
Gənc şahmatçıları yarışlara Mərkəzin şahmat klubunun müəllimi Emil Allahverdiyev hazırlayıb.
Qeyd edək ki, GAİM-də 2023-cü ilin may ayından etibarən fəaliyyət göstərən “Şahmat klubu”nda hal-hazırda 14 nəfər şagird tədris alır. Dərslər həftənin 3 günü şahmatçı Emil Allahverdiyev tərəfindən keçirilir. Yarandığı gündən ötən müddət ərzində klubun şagirdləri Gürcüstan Şahmat Federasiyası tərəfindən təşkil olunan dərəcə yarışlarında bir neçə dəfə iştirak edərək uğurlu nəticələr göstəriblər.


