Bir sıra Aİ ölkələri Gürcüstana qarşı sanksiyalar tələb edir
Aİ xarici işlər nazirlərinin gələn həftə keçiriləcək iclasında bir neçə ölkə – Estoniya, Hollandiya, Çexiya və İsveç Gürcüstana qarşı məhdudlaşdırıcı tədbirlərin müzakirəsinin təşəbbüskarı olacaq.
InterPress.ge xəbər verir ki, bu barədə “Financial Times” rəsmilərə əsaslanaraq məlumat yayıb.
Məhdudlaşdırıcı tədbirlər arasına Gürcüstan vətəndaşlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması, məqsədyönlü sanksiyalar və Aİ fondlarının dondurulması daxildir.
“Avropa İttifaqının bir neçə ölkəsi Gürcüstana qarşı sanksiyaların tətbiqini, o cümlədən vizasız gediş-gəlişin dayandırılmasını tələb edir” deyən məqalədə səbəbin Gürcüstan parlamentinin Rusiyadan ilham aldığı “Xarici agentlər” qanununun qəbul edilməsi olduğu qeyd edilir.
Nəşrin yazdığına görə, Aİ rəsmiləri deyirlər ki, “xarici agentlər” qanunu qüvvəyə minərsə, Gürcüstanın üzvlük prosesinə əhəmiyyətli maneə yaradacaq və bu, ölkənin Rusiyanın orbitinə getdikcə daha sürətlə getməsi ilə bağlı narahatlıqları artıracaq.


