22 
May
2024
10:31
219

Avropa İttifaqı ölkələrində kitabxanalardan qiymətli kitabların oğurlanması ilə bağlı daha bir nəfər saxlanılıb

Avropa İttifaqı ölkələrinin kitabxanalarından bahalı kitabların oğurlanması ilə bağlı daha bir Gürcüstan vətəndaşı saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Qurum bildirir ki, 2022-2023-cü illərdə mütəşəkkil dəstə üzvləri Avropanın müxtəlif şəhərlərindəki kitabxanalardan gizli şəkildə yüz minlərlə avro dəyərində kitab aparıblar.

Saxlanılan şəxs Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsinin 4-cü hissəsinin “a” və “b” bəndləri ilə (oğurluq mütəşəkkil dəstə tərəfindən və külli miqdarda törədildikdə) ittiham olunub və bu, 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

Tbilisi Şəhər Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxsə artıq həbs qətimkan tədbiri seçilib.

"İşin istintaqı zamanı müəyyən edilib ki, Gürcüstan vətəndaşları 2022-ci ilin əvvəlindən mütəşəkkil cinayətkar qrup yaradaraq, 19-cu əsrin müxtəlif müəlliflərinin bahalı kitablarını bütün Avropada daha da satmaq üçün gizli şəkildə əldə etmək niyyətində olublar. Bunun üçün mütəşəkkil dəstənin üzvləri saxta şəxsiyyət vəsiqələrindən, qondarma adlardan, soyadlardan və orijinalı əvəz etmək üçün əvvəlcədən hazırlanmış saxta kitab nümunələrindən istifadə ediblər.

Cinayət planına əsasən, mütəşəkkil dəstənin üzvləri Fransa, Almaniya, Latviya, Litva, Estoniya, İsveçrə, Polşa və Çexiyanın milli və universitet kitabxanalarından  XIX əsr klassik yazıçılarının kitablarını gizli şəkildə orijinal kitabların nüsxələri ilə əvəz etmək üçün götürüblər, - deyə agentliyin məlumatında bildirilir.

Bizimlə əlaqə saxlayın