Milli Məclisin plenar iclasında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi başlayıb
Milli Məclisin plenar iclasında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsinə başlanılıb.
InterPress.ge xəbər verir ki, layihə yalnız texniki və redaksiya məzmununun nəzərdən keçirilməsi üçün təqdim olunur, sonra isə səsə qoyulur.
Bununla da qanun layihəsinə parlamentdə baxılması prosesi başa çatacaq və layihə imzalanmaq üçün prezidentə təhvil veriləcək.
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin müəllifi və təşəbbüskarı “Gürcü Arzusu” fraksiyasıdır. Onun məzmunu ötən il başlanmış və etirazlar nəticəsində “yıxılan” layihəyə bənzəyir. “Şəffaflığın təmin edilməsi məqsədi ilə” qanun layihəsində qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin gəlirlərinin müəyyən həcmi - xüsusilə, 20%-dən çoxu xaricdən gələrsə, həmin təşkilatların xarici dövlətin maraqlarını həyata keçirən təşkilat kimi qeydiyyata alınması nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, “xarici dövlətin maraqlarını həyata keçirən təşkilat” hesab edilən hər bir təşkilat eyni adlı məlumat bazasında dövlət reyestrində qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı alınan gəliri əks etdirmək lazım gələcək. Eyni zamanda, təşkilatların hər il maliyyə bəyannaməsini doldurmaq öhdəliyi olacaq.


