Baş nazir Asiya İnkişaf Bankının prezidenti ilə görüşüb
Gürcüstanın Baş naziri İrakli Kobaxidze AİB-in 57-ci illik toplantısı çərçivəsində Tbilisidə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava ilə görüşüb.
InterPress.ge xəbər verir ki,bu barədə hökumət administrasiyası məlumat yayıb.
Qurumun məlumatına görə, hökumət başçısı Masatsuqu Asakavaya səfərinə görə təşəkkür edib və Bankın illik iclasının Gürcüstanda keçirilməsinin əhəmiyyətindən danışıb.
O, ölkə üçün strateji istiqamətlərin, o cümlədən həm dövlət, həm də özəl sektorda infrastruktur, enerji və təhsilin maliyyələşdirilməsi baxımından AİB-in xüsusi dəstəyini qeyd edib. Bildirilib ki, Gürcüstan və AİB arasında 2024-2028-ci illər üzrə Əməkdaşlıq Strategiyası (CPS) Gürcüstanın davamlı inkişafına kömək etmək məqsədi daşıyır.
Ölkədə iqtisadi tərəqqiyə və bununla bağlı müsbət meyillərə diqqət yetirilib.
Bildirilib ki, Gürcüstan hökuməti struktur islahatlarını və strateji layihələrin həyata keçirilməsini davam etdirir. Söhbət zamanı Gürcüstanın tranzit rolunun gücləndirilməsinə yönəlmiş irimiqyaslı layihələrə toxunulub.
Bu günə olan məlumata görə, Gürcüstanda Asiya İnkişaf Bankının (AİB) maliyyə dəstəyi ilə ümumi dəyəri 1,9 milyard ABŞ dolları olan 16 aktiv investisiya layihəsi həyata keçirilir”, - məlumatda bildirilir.


