03 
May
2024
08:43
286

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı: “ Mən Gürcüstan hakimiyyətini bu qanun layihəsini geri götürməyə və dialoqa çağırıram“

Gürcüstan hakimiyyətini “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini geri götürməyə , vətəndaş cəmiyyəti və media qurumları ilə dialoqa çağırıram.

InterPress.ge xəbər verir ki,bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Turk bəyanat ünvanlayıb.

"Mən Gürcüstanın paytaxtı Tbilisidə hüquq-mühafizə orqanları əməkdaşlarının nümayişçilərə və media nümayəndələrinə qarşı lazımsız və qeyri-mütənasib güc tətbiqindən narahatam.

Minlərlə gürcü günlərdir ki, xarici təsirin şəffaflığı haqqında qanun layihəsinə etiraz edir və hökumət onların ifadə və dinc toplaşmaq azadlığı hüquqlarına tam hörmət etməli və qorumalıdır. Bu hüquqların hər hansı məhdudlaşdırılması qanunilik, zərurilik və mütənasiblik prinsiplərinə uyğun olmalıdır. Etiraz aksiyaları zamanı güc tətbiqi həmişə istisna və qaçılmaz təhlükə qarşısında son çarə olmalıdır.

Mən hakimiyyəti etirazlar zamanı, sonra və ya nümayişlər zamanı pis rəftarla bağlı bütün iddialar üzrə operativ və şəffaf araşdırma aparmağa çağırıram. İfadə və dinc toplaşmaq azadlığından istifadə etdiklərinə görə özbaşına həbs edilənlərin hamısı dərhal azad edilməlidir. Onlara qarşı irəli sürülən ittihamlara xitam verilməlidir”, - Volker Turkun bəyanatında deyilir.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı bəyan edir ki, qeyri-hökumət təşkilatları və media qurumlarının “xarici gücün maraqlarından çıxış edən təşkilatlar” kimi qələmə verilməsi ifadə və sərbəst toplaşmaq azadlığı hüquqlarına ciddi təhlükə yaradır.

“Mən həmçinin etirazçıları və aksiya təşkilatçılarını öz hüquqlarını dinc şəkildə həyata keçirməyə və zorakılığa əl atmamağa çağırıram. Mən Gürcüstan hökumətini bu qanun layihəsini geri götürməyə və vətəndaş cəmiyyəti və media qurumları da daxil olmaqla dialoqa çağırıram. Xaricdən maliyyə alan qeyri-hökumət təşkilatları və KİV-lərin “xarici gücün maraqlarından çıxış edən təşkilatlar” kimi qələmə verilməsi ifadə və sərbəst toplaşmaq azadlığı hüquqlarına ciddi təhlükə yaradır”, - deyə bəyanatda vurğulanıb.

Bizimlə əlaqə saxlayın