DİN-dən bu gün baş tutacaq aksiya ilə bağlı ÇAĞIRIŞ
Gürcüstan Daxili İşlər Nazirliyi bu gün Rustaveli prospektində keçirilməsi planlaşdırılan etiraz aksiyası ilə bağlı məlumat yayıb.
InterPress.ge xəbər verir ki, qurum siyasi partiya rəhbərlərini, aksiyanın təşkilatçılarını və hər bir iştirakçını qanunvericiliklə müəyyən edilmiş formalarda öz etirazlarını bildirməyə və yolların bağlanmasına imkan verməməyə çağırır.
"İctimaiyyətə məlum olduğu kimi, bu gün Parlamentə yaxın ərazidə etiraz aksiyasının keçirilməsi planlaşdırılır.
Həmçinin müxtəlif sosial şəbəkələr vasitəsilə avtomobil yollarının süni şəkildə bağlanması və şəhəri iflic vəziyyətə salmaq üçün tədbirlər planlaşdırılır.
Gürcüstan qanununa əsasən, nəqliyyatın hərəkət hissəsinin süni şəkildə bağlanması, habelə nəqliyyatın hərəkətinə qəsdən maneələrin yaradılması qadağandır.
Bütün vətəndaşların təhlükəsizliyini qorumaq məqsədilə parlament binasının giriş və çıxışlarında polis kordonları çəkiləcək.
Mitinq iştirakçılarının Rustaveli prospektində, qanunverici orqanın ön və arxa girişlərində etiraz aksiyası keçirmək imkanı olacaq.
Mitinq iştirakçılarını qanunsuz hərəkətlərə yol verməməyə, zorakılıq hərəkətləri üçün ilkin şərt ola biləcək çağırışlar səsləndirməməyə çağırırıq.
Bir daha qeyd edirik ki, Gürcüstanın “Toplantılar və nümayişlər haqqında” qanununa əsasən, inzibati binaların girişlərini bağlamaq, onların fəaliyyətini pozmaq qadağandır.
Qeyd edək ki, aprelin 30-da aksiya iştirakçılarının zorakılıq hərəkətləri nəticəsində xəsarət almış 1 hüquq-mühafizə orqanı əməkdaşının vəziyyəti ağırdır, o, təcili əməliyyat olunub və indiyədək tibb müəssisəsində saxlanılır.
Hüquq-mühafizə orqanlarının hər bir qanunsuz hərəkətin ardınca müvafiq hüquqi cavab verəcəyini vurğulayırıq”, - məlumatda deyilir.


