Xaricdəki kriminal avtoritetin adı ilə vətəndaşlardan zorla pul tələb edən şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü T.Q.-ni hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlayıblar.
InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs müxtəlif vaxtlarda xaricdə yaşayan kriminal avtoritet adından istifadə edərək vətəndaşlarla əlaqə saxlayıb, onları öldürməklə və əmlaklarını məhv etməklə hədələyərək külli miqdarda əmlak əldə etmək məqsədilə onlardan 100 min ABŞ dolları istəyib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətdə təqsirləndirilən T.Q. hakimin qərarı ilə saxlanılıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsin üzərindən şəxsi yoxlama nəticəsində pul tələb etmək məqsədilə təqsirləndirilən şəxsin vətəndaşlarla əlaqə saxladığı mobil telefon və SİM kartlarını sübut kimi götürüblər.
Külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə pul tələb etmə faktı üzrə Cinayət Məcəlləsinin 181-ci maddəsinin 2-ci hissəsi ilə istintaq aparılır.
Cinayət 4 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.


