Məqsədli kreditlərdən öz şəxsi maraqları üçün istifadə edən şəxslər saxlanıldı
Məqsədli kreditdən təyinatı üzrə istifadə edilməməsi və saxta sənədlərin hazırlanması və istifadəsi faktları üzrə 26 nəfər barəsində cinayət işi başlanıb.
InterPress.ge xəbər verir ki, məlumatı Xüsusi İstintaq Xidməti yayıb.
Təqsirləndirilən şəxslər 2018-2022-ci illərdə müxtəlif bank qurumlarından ümumilikdə 1 milyon 789 min 440 lari məqsədli kənd təsərrüfatı krediti götürüb və həmin vəsaiti şəxsi məqsədləri üçün istifadə ediblər.
"Kreditlər kənd təsərrüfatı fəaliyyətlərinə, o cümlədən çoxillik bitkilərin becərilməsinə, şərabçılıq sənayesi üçün inventarların alınmasına, xırda mal-qaranın alınmasına, təsərrüfatların və anbarların tikintisinə sərf edilməli idi.
Müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədilə həmin vəsaiti şəxsi maraqları naminə istifadə edib, cinayət əməlini ört-basdır etmək məqsədilə saxta alqı-satqı aktları hazırlayıblar, habelə özəl auditorlar tərəfindən kreditlərin guya məqsədyönlü istifadəsi ilə bağlı saxta rəylər tərtib edilib.
Sözügedən cinayət əməli nəticəsində dövlətə dəymiş ziyanın məbləği ümumilikdə 227 748 lari təşkil edib və aparılan istintaq tədbirləri nəticəsində dövlətə əlavə olaraq 238 709 lari ziyan vurmaq ehtimalının qarşısı alınıb.
Bu mərhələ üçün 179 442 lari məbləğində dəymiş ziyan ödənilib. Dövlət büdcəsinə dəymiş ziyanın qalıq hissəsinin səfərbər olunmasını təmin etmək üçün müvafiq tədbirlər görülür", - deyə bildirilib.
İş Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 8 ilədək həbs cəzasını nəzərdə tutan 208, 210 və 362-ci maddələri ilə araşdırılır.


