Baş nazir müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib
Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisinin Cümə məscidində müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.
InterPress.ge xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Baş nazir məscidə toplaşan icma qarşısında çıxış edərək qeyd edib ki, müsəlman icması Gürcüstan cəmiyyətinin tərkib hissəsidir və əsrlər boyu davam edən dostluq ənənəsi xüsusilə qiymətlidir.
“Bu gün sizinlə, müsəlman qardaşlarımızla birlikdə olmaqdan şadam. Hamınızın xüsusi bir şəkildə qeyd etdiyiniz, inancınızın ən böyük bayramı olan Ramazan orucunun başa çatması münasibətilə bu gün sizi ürəkdən təbrik edirəm. Sizinlə birlikdə Gürcüstanda yaşayan hər bir müsəlmanı, müsəlman icmamızın hər bir nümayəndəsini təbrik etmək istəyirəm.
Biz çoxəsrlik tarixi əlaqələr, Gürcüstanda yaşayan gürcü xristianları ilə müsəlmanlar arasında qurulan qardaşlıq münasibəti ilə fəxr edirik. Sizin bənzərsiz mədəniyyətiniz ölkəmizin mədəniyyətinin tərkib hissəsidir.
Biz əsrlər boyu birgə çalışmışıq, ümumi vətənimizin rifahı, onun tərəqqisi və inkişafı üçün birgə mübarizə aparmışıq. Bu, bizim böyük qayğı göstərdiyimiz və gələcəkdə də qayğı göstərəcəyimiz münasibətdir, qardaşlıqdır. Bu gün sizi bir daha təbrik etmək istəyirəm. Bu gün sizinlə olmaqdan çox xoşbəxtəm. Hər birinizə və ailənizə firavanlıq, xoşbəxtlik arzulayıram. Sizi təbrik edir və çox sağ olun”, - deyə baş nazir bildirib.
Qeyd edək ki, bir aylıq orucdan sonra Gürcüstan müsəlmanları bu gün Ramazan bayramını qeyd edirlər.
Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, Şərqi Gürcüstanın müftisi Etibar Eminov, Gürcüstanın şeyxi Faiq Nəbiyev və Qərbi Gürcüstanın müftisi Adam Şantadze Tbilisi məscidinə toplaşan ictimaiyyət qarşısında çıxış ediblər.
Müsəlman Şöbəsinin ruhani rəhbərləri baş nazirə onu bayram münasibətilə təbrik etdiyinə görə təşəkkür edib və Müsəlman Şöbəsi adından xatirə hədiyyəsi təqdim ediblər.
Tiflis Cümə məscidində diplomatik korpusun nümayəndələri də olub.


