Gömrükdən qaçaqmalçılıq yolu ilə 130 min lari dəyərində qızıl keçirən iki nəfər saxlanılıb
Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşlarının Gömrük İdarəsi əməkdaşları ilə razılaşdırılmaqla həyata keçirdikləri tədbirlər nəticəsində Gürcüstan sərhədində gömrük qaydalarını pozan iki nəfər saxlanılıb.
InterPress.ge xəbər verir ki, məlumatı İstintaq Xidməti yayıb.
İstintaqla müəyyən edilib ki, bir halda təqsirləndirilən şəxs “Sarp" gömrük-keçid məntəqəsindən nəzarətində olan avtomobilin salonunda xüsusi gizlədilmiş yerdə 706 qram qızıl-zinət əşyalarını keçirməyə çalışıb. İkinci halda başqa bir təqsirləndirilən şəxs bəyan edilməmiş 507 qram qızıl məmulatını avtomobilində keçirməyə çalışıb. Müsadirə edilən zinət əşyalarının ümumi dəyəri 130 min laridən çoxdur.
İş üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza kimi 5 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 214-cü maddəsinin ikinci hissəsi ilə davam etdirilir.


