15 
Mar
2024
10:42
520

“1+4” təhsil proqramına daxil olan tələbələr üçün yeni qərar qəbul edildi

Gürcüstanın təhsil, elm və gənclər naziri Giorgi Amilaxvarinin qərarına əsasən, 2024-2025-ci dərs ilindən gürcü dili hazırlığı (1+4) üzrə təhsil proqramına daxil olan tələbələrin dövlət təhsil qrantı ilə maliyyələşdirilməsi iki dəfə artırılır - hər il 100-100 erməni və azərbaycandilli tələbə əvəzinə 200-200 tələbə üçün təhsil maliyyələşdiriləcək.

InterPress.ge xəbər verir ki, Azərbaycan və erməni dili testlərinin nəticələrinə əsasən “1+4” təhsil proqramına daxil olan tələbələrin maliyyələşdirilməsi 450-450 min lari təşkil edir və hər il maliyyələşmənin həcmi artacaq.

Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyinin əsas prioritetlərindən biri etnik azlıqların nümayəndələrinin təhsilə çıxış imkanlarının artırılmasıdır. “1+4” təhsil proqramı çərçivəsində tələbələrin maliyyələşdirilməsinin həcminin iki dəfə artırılması da bu məqsədə xidmət edir.

Bildiyiniz kimi, “1+4” təhsil proqramı etnik azlığı təmsil edən abituriyentlər üçün xüsusi güzəşt siyasəti çərçivəsində həyata keçirilir və onlara sadələşdirilmiş qaydada ali təhsil müəssisəsində təhsilini davam etdirmək hüququ və konkret təhsil proqramını mənimsəməzdən əvvəl gürcü dili üzrə biliklərini təkmilləşdirmək imkanı verir.

O cümlədən, etnik azlıqdan olan tələbələr “1+4” təhsil proqramı çərçivəsində yalnız ana dilindən qabiliyyət imtahanı verərək istədikləri universitetdə təhsil ala bilərlər.

Tələbələr üçün “1+4” təhsil proqramı sadələşdirilmiş qəbul qaydaları ilə yanaşı, maliyyələşdirməni də əhatə edir. Tələbələr ana dilindən imtahandan müvəffəqiyyətlə keçərsə, gürcü dili hazırlığı proqramında təhsil almaq maliyyələşdirilir, bundan sonra onlar tam maliyyə vəsaiti hesabına seçdikləri təhsil proqramı üzrə həmin ali təhsil müəssisəsində təhsillərini davam etdirirlər.

Bizimlə əlaqə saxlayın