Təxminən 535 min lari dəyərində qızılı qaçaqmalçılıq yolu ilə keçirən bir nəfər tutulub
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları ilə razılaşdırmaqla həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində ölkəyə qanunsuz olaraq xüsusilə külli miqdarda qızıl keçirməklə bağlı gömrük qaydalarının pozulması faktı aşkar edilib, buna görə bir nəfər tutulub.
InterPress.ge xəbər verir ki, bu barədə İstintaq Xidməti məlumat yayıb.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs avtobusunda xüsusi gizlətmə yerində Sarp gömrük-keçid məntəqəsindən Gürcüstana bəyan edilməmiş, xüsusilə külli miqdarda qızıl-zinət əşyaları gətirib. İstintaqın hazırkı mərhələsində avtobusdan təxmini dəyəri 535.000 lari olan beş kiloqramdan çox qızıl məmulat aşkar edilərək götürülüb.
Avtobusda digər mümkün gizlətmə yerlərinin aşkar edilməsi və əlavə qaçaqmalçılıq məmulatlarının aşkar edilməsi istiqamətində müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin cəza olaraq 5 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 214-cü maddəsinin ikinci hissəsi ilə aparılır.


