Zelenski Səudiyyə Ərəbistanına gedib
Ukrayna prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.
InterPress.ge xəbər verir ki, bu barədə Zelenski şəxsi Telegram kanalında yazıb.
“Mən Səudiyyə Ərəbistanına Əlahəzrət Vəliəhd Şahzadə Məhəmməd bin Salman Əl-Səudi ilə müntəzəm dialoqumuzu davam etdirmək üçün gəldim”, – Zelenski yazıb.
Ukrayna prezidentinin sözlərinə görə, səfər zamanı əsas mövzu “Sülh formulu” olacaq.
“Keçən il Ciddədə onun reallaşması ilə bağlı məsləhətçilər səviyyəsində səmərəli görüş keçirdik. İndi biz ilk sülh sammitinin keçirilməsinə yaxınlaşırıq və ümid edirik ki, Səudiyyə Ərəbistanından aktiv dəstəyi davam etdirəcəyik”, - Zelenski yazıb.
Onun sözlərinə görə, hərbi əsirlərin və qeyri-qanuni deportasiya olunmuş şəxslərin geri qaytarılması məsələsinin də müzakirəsi nəzərdə tutulub. İqtisadi əməkdaşlığın perspektiv istiqamətləri və Səudiyyə Ərəbistanının Ukraynanın yenidən qurulmasında iştirakı da müzakirə olunacaq.
“Səudiyyə Ərəbistanı rəhbərliyi artıq xalqımızın qayıdışına öz töhfəsini verib. Əminəm ki, bu görüş də nəticə verəcək”, - Zelenski yazıb.