21 
Fev
2024
17:05
262

Gürcüstan azərbaycanlıları Xocalı soyqırımının 32-ci il dönümü ilə bağlı bəyanat yayır

Gürcüstandakı Azərbaycan Evinin təşəbbüsü ilə Xocalı Soyqırımının 32-ci il dönümü ilə əlaqədar Gürcüstanda yaşayan azərbaycanlı icması adından Gürcüstanın Baş nazirinə, Prezidentinə, Parlamentinə, Xarici İşlər nazirliyinə və ombudusman aparatına eləcədə Gürcüstanda akkreditə olunmuş diplomatik korpus Niderlandın, Fransanın gürcüstandakı səfirliklərinə və beynəlxalq təşkilatlarının Tbilisi ofislərinə BMT, Avropa Şurası və ittifaqına eləcədə ATƏT və UNİCEF-ə çağırış ünvanlanıb.

InterPress.ge xəbər verir ki, bəyanata 50-dən çox Qeyri hökümət təşkilatları və 10 dan çox ictimai-siyasi və din xadimləri qoşulublar. 

Gürcüstandakı Azərbaycan Evinin direktoru Məhəbbət İmanov mətbuata açıqlamasında bildirib ki, bəyanatın əsas məqsədi 32-il öncə Ermənistan Respublikası tərəfindən Azərbaycanın Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilən qətliama Soyqırım aktı kimi qəbul edilməsini və siyasi qiymət verilməsini tələb etməkdir. 

"Biz azərbaycanlılar olaraq hər zaman bölgədə sülhün və əmin-amanlığın tərəfdarı olmuşuq. İnsanlığa qarşı törədilən qətliamların əleyinə olaraq, eyni zamanda Ermənistan Respublikasına bölgədə sülhün bərqərar olunması üçün çağırış edirik" - deyə İmanov bildirib.

Bəyanatı olduğu kimi təqdim edirik:

"Biz, Gürcüstanda yaşayan azərbaycanlılar milli vətənimiz - Azərbaycan Respublikasının Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı insanlığa sığmayan və misli görünməmiş qəddarlıq olan Xocalı soyqırımı ilə bağlı Sizə çağırış edirik.

XX əsrdə Azərbaycana qarşı erməni millətçiləri tərəfindən törədilmiş təkcə bir faktı göstərmək kifayət edir ki, düşmənin necə məkirli olduğunu bütünlükdə dünya görsün. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 7 min nəfərə yaxın əhalisi olan Xocalını mühasirəyə aldı.

Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan edərək dinc əhaliyə qarşı xüsusi qəddarlıq nümayiş etdirdilər.

Bu soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində

- 8 ailə tamamilə məhv edilmişdir;

- 56 insan xüsusi ilə ağır işgəncələrlə öldürülmüşdür;

- 27 ailənin yalnız 1 üzvü sağ qalmışdır;

- 25 uşaq hər iki valideynini itirmişdir;

- 130 uşaq valideynlərindən birini itirmişdir;

- 230 ailə öz başçısını itirmişdir;

- 487 insan şikəst olmuşdur (onlardan 76 nəfər həddi-buluğa çatmamışlardır);

- 1275 insan əsir götürülmüşdür;

- 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

Göründüyü kimi, Xocalı qətliamı ötən əsrin vəhşəti və dəhşətidir. Belə tükürpədici hadisələr dünya sivilizasiyasını və bəşər cəmiyyətini geri aparır. Bəşəriyyətin inkişafı naminə bütün insani pisliklərə son qoyulmalıdır.

Dünyanın bir neçə ölkəsi tərəfindən Xocalı soyqırımı normativ-hüquqi aktlarda xatırlanmış və tanınmışdır. Bu vaxtadək Çex Respublikası, Bosniya və Herseqovina, Kolumbiya, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya, Sudan, Cibuti, Qvatemala və Şotlandiyanın qanunverici orqanları, həmçinin ABŞ-ın bir çox ştatı müvafiq qətnamələr qəbul etmişdir.

Bununla da vətənimiz Gürcüstanın aidiyyatı qurumlarına müraciətimizin nəzərə alınmasına böyük ümid bəsləyirik. Azərbaycan əsilli vətəndaşlar ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni həyatında, istənilən seçkilərdə fəal iştirak edir, siyasi baxışlarına görə öz namizədlərini seçir və dəstəkləyir. Vətənimiz Gürcüstanın inkişafına bütün qüvvəmizlə xidmət edirik.

Demokratiya, ədalət və insan haqları üzrə dünyanın irəlidə gedən ölkəsi kimi, Xocalı soyqırımının parlamentdə müzakirəyə çıxarılmasına çağırış edirik. Bu müzakirə, mandatı bitəcək parlament tərəfindən ədalət naminə sülh qərarı olacaqdır.

Əminik ki, rahat və firavan dünya naminə günahsız insanların - mülki əhalinin ölümünə səssiz qalmayacaqsınız və Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsi üçün müvafiq addımlar atacaqsınız.

İnanırıq ki, XX əsrdə baş vermiş bu qanlı hadisəyə obyektiv münasibət yeni cinayətlərin qarşısını alacaqdır.

Biz, artıq “Terrora yox” şüarı ilə deyil “Dünyada sülh və barış” çağırışı ilə tədbirlər keçirilməsini istəyirik. Bütün dünyanı bu qaranlıqdan işığa doğru səsləyirik.

Məqsədimiz odur ki, sülhə xidmət yolunda hər kəs birgə addım atsın".

Bizimlə əlaqə saxlayın