Avtomobil qəzalarının statistikası açıqlanıb
2023-cü ildə Gürcüstanda baş verən yol qəzaları nəticəsində 442 nəfər ölüb, 7310 nəfər xəsarət alıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.
Məlumata görə, ötən il Cinayət Məcəlləsinə uyğun olaraq ölkə ərazisində 5594 yol-nəqliyyat hadisəsi baş verib ki, onların da əksəriyyəti paytaxtda qeydə alınıb.
Avtomobil qəzalarının ehtimal olunan səbəbləri arasında sürət həddini aşmaq, sərxoş vəziyyətdə avtomobil idarə etmək, qarşıdan gələn yol zolağına keçmək və ya ötmə qaydalarının pozulması, piyadaların keçidi qaydalarının pozulması, məsafəni qorumamaq və digər yol hərəkəti qaydalarının pozulması daxildir.
Yol-nəqliyyat hadisələrinin növlərinə gəlincə - Daxili İşlər Nazirliyinin statistik məlumatlarına əsasən, ən çox - hərəkətdə olan nəqliyyat vasitələrinin iştirakı ilə 1855 hadisə baş verib, bu hadisələr zamanı 104 nəfər ölüb, 2898 nəfər xəsarət alıb. Bundan başqa, həmin dövrdə 1638 piyadanın vurulması hadisəsi qeydə alınıb, nəticədə 95 nəfər ölüb, 1665 nəfər xəsarət alıb.
Məlumat üçün bildirək ki, 2022-ci ildə Cinayət Məcəlləsinə uyğun olaraq ölkədə 5469 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 430 nəfər ölüb, 7517 nəfər xəsarət alıb.


