Müxtəlif yerlər və nəqliyyat vasitələrində partlayıcı qurğuların yerləşdirildiyinə dair yalan məlumat yayan şəxsin evində axtarış aparıldı
Dövlət Təhlükəsizlik Xidməti Cinayət Məcəlləsinin 331-ci maddəsi ilə terrorçuluq haqqında yalan məlumat verilməsi faktı ilə bağlı aparılan istintaq çərçivəsində məhkəmənin çıxardığı qərar əsasında Beka Vardosanidzenin mənzilində və qarajında axtarış aparıb.
InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
"Kompleks istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, müəyyən vaxt intervalında konkret şəxsin istifadə etdiyi elektron poçtdan müxtəlif qurumlara partlayışların həyata keçirilməsi ilə bağlı terror məzmunlu hədə-qorxu mesajları göndərilib.
Adıçəkilən istifadəçi Dövlət Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin Tbilisi Polis İdarəsinin, eləcə də “İmedi” televiziya şirkətinin rəsmi elektron poçtuna terror məzmunlu hədələrdən ibarət mesaj göndərib. Mətndə “Basiani” klubunda, “Rati bar” barında və davam edən Yeni il tədbiri çərçivəsində Rustaveli prospektində yerləşən səhnədə, eləcə də ətraf ərazilərdə, müxtəlif yerlərdə və nəqliyyat vasitələrində partlayıcı qurğuların quraşdırıldığı göstərilib.
Aparılmış axtarışlar nəticəsində müxtəlif kompüter və elektron informasiya daşıyıcı avadanlıqlar götürülüb, onlar üzrə müvafiq tədbirlər görüləcək və ekspertizalar aparılacaq. Faktla bağlı istintaq davam edir.
Beka Vardosanidze şahid qismində Dövlət Təhlükəsizlik Xidmətində dindiriləcək”, - Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilir.


