Qızılhacılı kəndində "Yas mərasimi zalının" açılışı ilə bağlı tədbir keçirilib - VİDEO
Yanvarın 15-də Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində yerli sakinlərin maliyyə dəstəyi ilə ərsəyə gələn "Yas mərasimi zalı"nın açılış tədbiri keçirilib.
InterPress.ge xəbər verir ki, tədbirdə Marneuli bələdiyyə məclisinin sədri Amiran Qiorqadze, Marneuli və Qardabaninin majoritar deputatı Zaur Darğallı, Qızılhacılı kəndinin bələdiyyə deputatı Ceyhun Covdarov, axund Kərbəlayi Fuad İsayev, axund Hacıxəlil Əliyev, icma mümayəndələri, ziyalı şəxslər və kənd sakinləri iştirak ediblər.
İlk öncə kəndin axundu Kərbəlayi Fuad İsayev Allahın nurani kəlamlarını tilavət edərək, savabını qəbristanlıq əhalisinin ruhuna ərmağan etdikdən sonra iştirakçıları salamlayaraq tikintidə zəhməti olan hər kəsə dərin təşəkkür edib və bu yaxşı işin Allah dərgahından qəbul olunmasını diləyib.
Axund bildirib ki, ölüm, yaradılışın qaçılmaz bir qanunudur. Necə ki, Allah Quranda buyurur: "Bütün canlılar ölümü dadacaq".
Bunun üçün insanlar xeyrli əməllərlə yaddaş və xatirələrdə qalmağa can atmalıdır.
Marneuli və Qardabani üzrə majoritar deputat Zaur Darğallı çıxış edərək həyata keçirilən tikilinin əhəmiyyətindən danışıb və ərsəyə gəlməsində əməyi olan hər kəsə, başda yerli bələdiyyə və quberniya olmaqla təşəkkür edib. O, bildirib ki, bu tikili öz-özlüyündə sadəcə bir bina deyil, eyni zamanda Qızılhacılı kənd sakinlərinin birliyinin bariz nümunəsidir.
Darğallının sözlərinə görə, Marneuli Meriyası yaxın gələcəkdə sözügedən tikilini öz öhdəliyinə götürəcək və müəyyən xərcləri yerli özünüidarə tərəfindən təmin ediləcək.
Mərasim zalının ərsəyə gəlməsinin idarəçiliyini edən Arif Əzizov bildirib ki, binanın tikilməsi üçün Qızılhacılı kəndindən 222 400 dollar pul yığılıb.
Tədbirin sonunda binanın tikilməsində rolu olan şəxslərə hədiyyələr təqdim edilib.


