Hüquq-mühafizə orqanları bu il 282 narkotik alverçisi tutub
Daxili İşlər Nazirliyi tərəfindən cari ildə narkotik cinayətlərinə qarşı mübarizə və narkotik alverçilərinin həbsi istiqamətində həyata keçirilən polis tədbirləri ilə bağlı brifinq keçirilib.
InterPress.ge xəbər verir ki, Kriminal Polis Departamentinin direktoru Teymuraz Kupatadzenin qeyd etdiyinə görə, nazirliyin əsas prioritetlərindən biri narkotik cinayətlərinə qarşı səmərəli mübarizə və narkotik alverçilərinə qarşı qanuni tədbirlərin görülməsidir.
Onun sözlərinə görə, bu il polisin keçirdiyi tədbirlər nəticəsində 282 narkotik alverçisi tutulub, külli miqdarda müxtəlif növ narkotik vasitələr götürülüb.
Ümumilikdə, il ərzində polis tərəfindən 84 kiloqram "heroin", 20 kiloqram "Alpha PVP", 9500 həb "Subotex" və "Suboxin", 2,5 kiloqram "kokain", 4 kiloqram "Mephedrone", 2,5 kiloqram “Mdma”, o cümlədən 304 kiloqram marixuana, 4 tona qədər “çətənə”, 13 kiloqram müxtəlif psixotrop dərmanlar və 3 kiloqram yeni psixoaktiv maddələr aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyi ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni davam etdirir. Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək tutulması istiqamətində qanunvericiliklə nəzərdə tutulmuş kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir.


