Xəbərdarlıq edildi - Gürcüstanda hava pisləşəcək
Dekabrın 17-si səhərdən 18-i səhərədək Qərbi Gürcüstanda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə güclü qar və çovğun, dənizdə 4-5 bal gücündə fırtına gözlənilir.
InterPress.ge xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Agentlikdən verilən məlumata görə, ölkənin əksər ərazilərində güclü qərb küləyinin əsəcəyi, paytaxtətrafı rayonlarda günün ikinci yarısından başlayaraq küləyin arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.
“Gözlənilən güclü yağışlar Qərbi Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, sürüşmələrin başlamasına və aktivləşməsinə, ölkənin dağlıq ərazilərində uçqunların yaranmasına səbəb ola bilər. Dağlıq ərazilərdə gözlənilən güclü qar yağması, uçqun təhlükəsi və görmə qabiliyyətinin pisləşməsi ilə əlaqədar avtomobil yollarının ayrı-ayrı hissələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması mümkündür", - məlumatda deyilir.


