Volodimir Zelenski: “Müharibə biz istədiyimiz qədər tez bitməyəcək”
“Müharibə biz istədiyimiz qədər tez bitməyəcək”.
InterPress.ge xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Foks” korporasiyasının Baş direktoru Laçlan Merdok, “Fox News” telekanalının jurnalisti Benjamin Holl və “The Sun”un jurnalisti Cerom Starki ilə görüşündə deyib.
O bildirib ki, insanlar baş verənlərə film kimi yanaşırlar: “Bir çoxu mənzərənin daim dəyişəcəyini, hər gün sürprizlərin olacağını gözləyir. Amma bizim üçün, döyüşçülərimiz üçün bu film deyil. Bunlar bizim həyatımızdır. Hər şey istədiyimiz kimi tez bitməyəcək, amma bizim təslim olmağa haqqımız yoxdur”.
V. Zelenski ölkəsinin təslim olmayacağını bildirib.
Ölkə Prezidenti həqiqətləri dünya ictimaiyyətinə çatdırdığına görə jurnalistlərə təşəkkür edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam bərpa olunmadan savaş başa çatmayacaq. V. Zelenski daha əvvəl söyləmişdi ki, Qərbin dəstəyi olmasa, Ukrayna geri çəkiləcək.