Gürcüstan pasportları sərhəddə çiplə yoxlanılacaq
Ölkə pasportları sərhəddə holoqramla yox, çiplə yoxlanılacaq.
InterPress.ge xəbər verir ki, ədliyyə naziri Rati Breqadze bu barədə Gürcüstan parlamentinin plenar iclasında “Nazir saatı” formatında çıxışında şəxsiyyəti təsdiq edən sənədlərin təhlükəsizliyi üçün viza rejiminin liberallaşdırılması sorğusuna uyğun olaraq Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən həyata keçirilən tədbirlərdən danışarkən məlumat verib.
"2023-cü ildə Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin İnkişafı Agentliyi Avropa Komissiyası tərəfindən akkreditə olunmuş şirkətin auditindən uğurla keçib, ona görə Gürcüstanın elektron imzası Aİ qaydalarına tam uyğundur. Hazırda agentlik regionda Avropa qaydalarının tələblərinə uyğun sertifikatlaşdırılmış yeganə qurumdur. Aİ standartlarına uyğunluq Gürcüstan şirkətlərinin Aİ bazarında fəaliyyətlərini genişləndirmək, iqtisadi proseslərin çevikliyini təmin etmək və xərcləri azaltmaq üçün zəmin yaradır.
Həmçinin, bu il Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən ilk dəfə olaraq Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) Gürcüstan vətəndaşlarının gediş-gəlişini daha da asanlaşdıracaq səyahət sənədlərinin həqiqiliyini təsdiq edən sertifikatlar təqdim edilib və ölkə pasportları sərhəddə holoqramla yox, çiplə yoxlanılacaq. Bu, növbəti uğurudur”, - Rati Breqadze bildirib.