“Alyans” Gənclər Mərkəzində Azərbaycanın Zəfər Günü qeyd edilib
Gürcüstanın paytaxtı Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
InterPress.ge xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən mərkəzin icraçı direktoru Rəna Hüseynova böyük tarixi gün münasibətilə soydaşlarımızı təbrik edib. Üç il öncə noyabrın 8-də Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın tacı olan Şuşanın erməni işğalından azad edildiyini xatırladıb.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimizin Qarabağı erməni işğalçılarından tamamilə azad etdiyi, Azərbaycan Dövlət Bayrağının Qarabağın hər kəndində və şəhərində ucaldıldığı, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu diqqətə çatdırılıb. Dövlət başçısının Xankəndinin mərkəzi meydanında keçirilmiş hərbi paradı qəbul etməsi qürurverici hal kimi qiymətləndirilib.
Sonra mərkəzin fəal üzvü Laşa İsabalayev 44 günlük Vətən müharibəsi barədə təqdimatla çıxış edib.


