"Lilo Mall" ərazisində baş verən qətl hadisəsi ilə bağlı prokurorluq məlumat yayır
“Lilo Mall”un ərazisində baş vermiş qətl hadisəsi ilə bağlı iki nəfər, o cümlədən bir nəfər sifarişli qətl törətməkdə, digəri isə qətlə köməklik göstərməkdə ittiham olunub.
InterPress.ge xəbər verir ki, məlumatı Prokurorluq yayıb.
Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxsə gəlincə, bu ittiham qəsdən adam öldürmə maddəsi ilə ağırlaşdırılıb.
Hadisə avqustun 3-də baş verib. Qurumun məlumatına görə, istintaq müəyyən edib ki, xaricdə yaşayan təqsirləndirilən şəxs kriminal avtoritetlərin adı ilə “Lilo Mall” bazarında ticarətçilərdən hədə-qorxu ilə pul tələb edib və ticarətçilərdən birinin bundan imtina etməsi səbəbindən onun qətlini sifariş edib.
"Təqsirləndirilən şəxs Gürcüstandakı dostunun köməyi ilə qətli törətmək üçün əvvəlcədən seçilmiş şəxsə odlu silah və pul verib. 2023-cü il avqustun 3-də Tbilisidə, “Lilo Mall” bazarının yaxınlığında qatil qurbanın başına iki güllə vuraraq hadisə yerindən qaçıb. Aldığı xəsarətlər nəticəsində zərərçəkmiş avqustun 17-də dünyasını dəyişib”, - məlumatda deyilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qətli törədən şəxsi elə həmin gün yaxalayıb. İlkin olaraq o, Gürcüstan Cinayət Məcəlləsinin 19,108-ci maddəsi və 236-cı maddəsinin 3 və 4-cü hissələri (qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) ilə ittiham olunub və barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ittiham dəqiqləşdirilib və o, Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “n” bəndi (sifarişlə qəsdən adam öldürmə) və 236-cı maddəsinin 3 və 4-cü hissələri (qanunsuz olaraq odlu silah əldə etmə-saxlama-daşıma) ilə ittiham olunub.
Qatilin yanına odlu silahı aparan qətli sifariş edən şəxsin dostu noyabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 25-109-cu maddəsinin “n” bəndi (sifarişlə qəsdən adam öldürməyə köməklik) ilə ittiham olunub.
Qətlin sifarişçisi olan şəxsə gəlincə, o, istintaq orqanına məlumat verməkdən yayındığına və gizləndiyinə görə ona Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin “n” bəndi (sifarişlə və təhriklə qəsdən adam öldürmə) ilə qiyabi ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamlar on altı ildən iyirmi ilədək və ya ömürlük həbslə cəzalandırılır.


