Tbilisidə kriptovalyuta mübadilə məntəqəsini qarət edən şəxslərə hökm oxunub
Tbilisidə kriptovalyuta mübadilə məntəqəsinə edilən quldurluqla bağlı saxlanılmış iki şəxsə qarşı ittiham irəli sürülüb.
InterPress.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
Qeyd edək ki, hadisə oktyabrın 30-da baş verib.
Prokurorluq bildirir ki, təqsirləndirilən şəxslər 810 300 ABŞ dolları, 110 avro və 6 500 lari ələ keçiriblər.
“Tbilisidə yerləşən kriptovalyuta mübadilə məntəqəsində müttəhimlər digər şəxslərlə birlikdə qrup halında həyati təhlükəsi olan zorakılıq tətbiq etməklə hədələyərək, odlu silah nümayiş etdirərək, sözügedən ofisdə olan şəxslərə pulu qanunsuz mənimsəmək məqsədilə hücum ediblər. Ofisə və oradakı müştərilərə məxsus külli miqdarda - 810 300 ABŞ dolları, 110 avro və 6 500 lari məbləğində pulu ələ keçiriblər”, - qurumun məlumatında deyilir.
Saxlanılanlara Gürcüstan Cinayət Məcəlləsinin 179-cu maddəsinin 2-ci və 3-cü hissələrinin “b” və “c” bəndləri ilə (külli miqdarda əşyaları ələ keçirmək məqsədi ilə qrup halında törədilən quldurluq) ittiham irəli sürülüb. Bu 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə Tbilisi Şəhər Məhkəməsinə müraciət edir.
Faktla bağlı istintaq davam edir.


