“Aqrokredit” çərçivəsində alınan pulları məqsədyönlü şəkildə xərcləməyən 14 nəfər məsuliyyətə cəlb edilib
Məqsədli kreditdən məqsədyönlü şəkildə istifadə edilməməsi və saxta sənədlərin hazırlanması və istifadəsi faktları üzrə 14 nəfər barəsində cinayət işi başlanıb.
InterPress.ge xəbər verir ki, məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.
İstintaq müəyyən edib ki, “Dövlət Güzəştli Kənd Təsərrüfatı Krediti” layihəsi çərçivəsində təqsirləndirilən şəxslər 2019-2022-ci illərdə müxtəlif bank qurumlarından ümumilikdə 1 milyon 421 min lari məqsədli aqrokredit alıblar ki, onun da əsas faizləri dövlət büdcəsindən maliyyələşdirilib.
“Kreditlər kənd təsərrüfatı fəaliyyətləri, o cümlədən çoxillik bitkilərin becərilməsi və şərab sənayesi üçün inventarların alınması üçün istifadə edilməli idi.
Müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədilə həmin vəsaiti öz şəxsi maraqları naminə istifadə edərək, cinayət əməlini ört-basdır etmək məqsədi ilə saxta alqı-satqı aktları hazırlayıblar, habelə özəl auditorlar tərəfindən kreditin məqsədyönlü istifadəsi ilə bağlı saxta rəylər hazırlanıb.
Qeyd olunan cinayət əməli nəticəsində dövlətə dəymiş ziyanın məbləği ümumilikdə 182 854 lari təşkil edib və iş üzrə vaxtında aparılan istintaq tədbirləri nəticəsində dövlətə əlavə olaraq 293 469 lari ziyan vurmaq ehtimalının qarşısı alınıb.
Büdcəyə dəymiş ziyanın ödənilməsini təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir”, - deyə qurumun məlumatında bildirilir.
Hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 5 ildən 8 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 208, 210 və 362-ci maddələri ilə istintaq aparılır.


