İstintaq Xidməti məhbusun ölümü ilə bağlı inspektoru ifşa edib
Cəzaçəkmə müəssisəsində müəssisənin inspektor-nəzarətçisinin məhbusla düzgün rəftar etməməsi, məmur biganəliyi faktı ifşa edilib.
InterPress.ge xəbər verir ki, məlumatı Xüsusi İstintaq Xidməti yayıb.
Qurumun məlumatına görə, avqustun 1-də 10 saylı Cəzaçəkmə Müəssisəsində məhbus intihar edib.
"İstintaqla müəyyən edilib ki, 2023-cü il avqustun 1-də 10 saylı cəzaçəkmə müəssisəsində məhkum Q.Q.-yə lazımi nəzarəti həyata keçirməyə məsul olan inspektor-nəzarətçi xidməti vəzifəsini düzgün qaydada yerinə yetirməyib, məhkuma hamam otağında baş çəkməyib. Cəzaçəkmə müəssisəsinin əməkdaşının laqeydliyi nəticəsində nəzarətsiz qalan məhkum hamamda zondan istifadə edərək intihar edib”, - deyə məlumatda bildirilir.
Qurum bildirir ki, 35 nəfər dindirilib, 10 saylı cəzaçəkmə müəssisəsinə və hadisə yerinə baş çəkilib, oradan maddi sübutlar götürülüb, kompleks kimyəvi, bioloji, məhkəmə-tibbi, mikrohissəcik və trasoloji ekspertizalar aparılıb, həmçinin video qeydlər əldə edilib.
İstintaqın əldə etdiyi sübutlar əsasında Gürcüstan Prokurorluğu hüquq-mühafizə orqanının əməkdaşını Gürcüstan Cinayət Məcəlləsinin 342-ci maddəsinin 2-ci hissəsi ilə biganəlikdə ittiham edib.
Cinayət 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


