Nəriman Nərimanovun 150 illiyi qeyd edildi - FOTO
31 iyul tarixində Tbilisidə Nəriman Nərimanovun xatirə muzeyində görkəmli ictimai xadim, müəllim, həkim, dramaturq, yazıçı, publisist Nəriman Nərimanovun anadan olmasının 150 illiyi qeyd edildi.
InterPress.ge xəbər verir ki, tədbir Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi, Nəriman Nərimanovun xatirə muzeyi və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin birgə təşkilatçılığı ilə təşkil edilmişdi.
Tədbiri giriş sözü ilə açan Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva Nəriman Nərimanovun həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verdi, Nərimanovu iki xalq arasında, Azərbaycan və gürcü xalqları arasında “Dostluq Simvolu” adlandırdı.
Sonra Nəriman Nərimanovun xatirə muzeyinin kuratoru Rəna Dəlivəlova, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin elmi işçisi Leyla Əliyeva, Gənc Vətənpərvərlər İctimai Birliyinin səlahiyyətli nümayəndəsi Tengiz Məmmədov, “Maarif” qəzetinin redaktoru Ələddin Qarabağlı, GAİM-in Azərbaycan dili və Ədəbiyyat müəllimi Fatma Əliyeva və digərləri çıxış edib Nərimanovun dahi şəxsiyyət olmasını, Gürcüstanda adının yaşadılmasının mühüm olmasını vurğuladılar.
Daha sonra GAİM-də təhsil alan gənclər Nəriman Nərimanovun oğlu Nəcəfə ünvanladığı məktubu oxudular.
Kamança və opera ifaçısı Şəbnəm Asıf qızı könül oxşayan musiqilər səsləndirdi.
Sonda tədbir iştirakçıları Marneulidə N. Nərimanovun abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər və əklil qoydular.





