Paytaxtda pik saatlarda iri ölçülü avtomobillərin hərəkəti məhdudlaşdırıla bilər
Tbilisidə 2024-cü il yanvarın 1-dən pik saatlarda iri ölçülü avtomobillərin konkret ərazilərdə hərəkətinin məhdudlaşdırılması planlaşdırılır.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladzenin paytaxt hökumətinin iclasında açıqlama verib.
Onun sözlərinə görə, hazırda biznes sektoru ilə müvafiq danışıqlar aparılır.
“Şəxsi avtomobil parkı böyük problemdir. Bu gün 600 mindən çox şəxsi avtomobil pik saatlarda hərəkət edir. Təbii ki, bu çox böyük rəqəmdir və tıxaclar yaradır, lakin bir problem də var ki, bu tıxaclarda pik saatlarda tez-tez iri yük maşınlarına rast gəlirik ki, bu da öz ölçüləri və həcmi ilə ən böyük problemdir, hərəkəti daha da çətinləşdirir və qəzaların baş vermə ehtimalını artırır.
Bu problemi aradan qaldırmaq üçün düşünürük ki, vacib işlərdən biri də pik saatlarda iri ölçülü avtomobillərin hərəkətini məhdudlaşdırmaq olardı. Bu, bütün Tbilisiyə aid deyil, söhbət konkret hissələrdən, pik saatlarda ən çox yük maşınının olduğu ərazilərdən gedir. Hələ yekun qərar verməmişik, biznes sektoru ilə əməkdaşlıq edirik. Biz çox yaxşı başa düşürük ki, asan olmayacaq”, - Kaladze bildirib.
Paytaxt meri məhdudiyyətin hansı kateqoriyadan olan nəqliyyat vasitələrinə və hansı saatlarda tətbiq ediləcəyini açıqlayıb.
“Tbilisi bələdiyyəsinin inzibati sərhədləri daxilində ümumi istifadədə olan avtomobil yollarında səhər saat 08:00-dan 11:00-dək və axşam saat 17:00-dan 20:00-dək M3, N2 və N3 kateqoriyalı avtomobillərin hərəkəti qadağan ediləcək. Bu məhdudiyyət həftə sonlarına və avqust ayına aid olmayacaq.
Qaydaların tətbiq edilməyəcəyi istisnalar aşağıdakılardır: ictimai nəqliyyat, planlaşdırılmamış fövqəladə halların və həyat üçün təhlükə yaradan halların aradan qaldırılması üçün zəruri olan nəqliyyat, bələdiyyə və ya dövlət infrastruktur layihələrinin həyata keçirilməsi üçün zəruri olan nəqliyyat, şagirdlərin və tələbələrin hərəkəti üçün zəruri olan nəqliyyat; turizm fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan nəqliyyat və s.
Bu tənzimləmədən əhəmiyyətli dərəcədə təsirlənəcək mühüm iqtisadi sektorlardan biri də tikinti sektorudur. Biz onlarla əlaqə saxlayırıq və hələ ki, razılığa gəlməmişik”, - deyə Kaxa Kaladze bildirib.


