Yolları bərpa etdiyinə dair saxta sənədlər hazırlayaraq dövlətə məxsus külli miqdarda vəsaiti əldə edən şəxs saxlanıldı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində dələduzluq yolu ilə dövlətə məxsus külli miqdarda vəsaiti əldə etmə, saxta hesablaşma sənədləri hazırlayıb istifadə etmək və vəzifə səlahiyyətlərindən sui-istifadə etmək faktı üzrə dörd nəfər ifşa edilib.
InterPress.ge xəbər verir ki, məlumatı İstintaq Xidməti yayıb.
İstintaqda müəyyən edilib ki, dövlət qurumunun sifarişi ilə tenderdə qalib gəlmək nəticəsində təqsirləndirilən şəxsin idarə etdiyi şirkət Sameqrelo bölgəsində bələdiyyələrindən birində yolların bərpası işlərinin aparılmasını təmin etməli olub. Təqsirləndirilən şəxs 2021-2022-ci illər ərzində qanunsuz maddi gəlir əldə etmək məqsədilə görülən işləri əks etdirən saxta sənədlər tərtib edib, bu yolla ümumilikdə qanunsuz yolla 330 097 lari əldə edib.
Araşdırma zamanı o da müəyyən edilib ki, işlərin keyfiyyətinə və həcminə nəzarət etmək məqsədilə mütəxəssislər cəlb edilib, lakin onlar şirkət tərəfindən yol verilmiş qanun pozuntularına müvafiq qaydada cavab verməyiblər və qeyri-qanuni olaraq dövlət vəsaitləri mənimsəyiblər.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 6 ildən 9 ilədək həbsi nəzərdə tutan 210, 180, 182, 220 və 332-ci maddələri ilə aparılır.
Dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi istiqamətində müvafiq tədbirlər görülür.


