.jpg)
Stoltenberq: "Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmalıyıq"
“Müharibələrin əksəriyyəti gözlənildiyindən daha uzun davam edir, ona görə də biz Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmalıyıq”.
InterPress.ge xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Almaniyanın "Funke" media qrupuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, ukraynalılar birtərəfli qaydada döyüşləri dayandırsalar, sülhə nail olmaq mümkün olmayacaq.
"Biz hamımız tez sülh istəyirik, lakin eyni zamanda etiraf etməliyik: prezident Zelenski və ukraynalılar döyüşü dayandırsalar, onların ölkəsi artıq mövcud olmayacaq. Prezident Putin və Rusiya silahlarını yerə qoysalar, sülh əldə edəcəyik", - deyə NATO-nun baş katibi qeyd edib.
Ukraynanın NATO-ya daxil olması məsələsindən danışan Stoltenberq “Ukraynanın sonda NATO-ya daxil olacağına şübhə olmadığını” vurğulayıb.
“Bu müharibə bitəndə bizə Ukrayna üçün təhlükəsizlik zəmanəti lazımdır. Əks halda tarix təkrarlana bilər”, - deyə Stoltenberq əlavə edib.