Avropa İttifaqı İranı ölüm hökmünü ləğv etməyə çağırıb
Avropa İttifaqı (Aİ) son bir ildə İranda edamların sayının narahatlıq doğuran artımını nəzərə alaraq, Tehran hakimiyyətini edamlardan çəkinməyə, məhbuslara qarşı lazımi hüquqi prosesə başlamağa və ölüm cəzasının ləğvi istiqamətində ardıcıl siyasət yürütməyə çağırır.
InterPress.ge-nin xəbərinə görə, təşkilatın bununla bağlı bəyanatında əvvəlcə Məhsa Əmininin ölümündən söz açılıb və bu hadisənin İran daxilindəki etiraz dalğasını daha da alovlandırdığı vurğulanıb:
“Bir il əvvəl 22 yaşlı Məhsa Əmini İran əxlaq polisi tərəfindən öldürülüb. Onun ölümü ölkə daxilində hakimiyyətə qarşı narazılığı alovlandırdı. İran hakimiyyətinin bu etiraz dalğasına cavabı yüzlərlə insanın ölümünə, minlərlə günahsız etirazçının həbsinə gətirib çıxardı, repressiv hərəkətlər artdı. Fikir və ifadə azadlığı, digər vətəndaş azadlıqları getdikcə məhdudlaşdırılır”.
Aİ İranda hələ də insan haqlarının vəziyyətinin kritik olaraq qalmasına diqqət çəkib. Bildirilib ki, mövcud vəziyyət fonunda Aİ və ona üzv ölkələr Tehranı İranın da qoşulduğu Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda təsbit olunmuş prinsiplərə ciddi şəkildə riayət etməyə çağırmaqda həmrəydirlər.
“Biz İranı qanunda və praktikada qadınlara qarşı sistemli ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmağa, qadın və qızlara yönəlik cinsi və gender əsaslı zorakılığın qarşısını almaq və onların müdafiəsini təmin etmək üçün tədbirlər görməyə çağırırıq.
Aİ onlayn və oflayn da daxil olmaqla ifadə, toplaşmaq azadlığı kimi fundamental hüquqları dəstəkləyir və bu hüquqların qorunmasını müdafiə edir. Güclü və azad vətəndaş cəmiyyəti vacibdir.
Etirazçılara qarşı ağır hökmlərin, o cümlədən ölüm cəzasının tətbiq edilməsindən dəhşətə gəlirik və hər zaman, hər yerdə və bütün şəraitlərdə ölüm hökmünün əleyhinə olduğumuzu bir daha bəyan edirik”, - bəyanatda vurğulanıb.
Bəyanatda o da xatırladılıb ki, beynəlxalq hüquqa görə işgəncə qadağandır:
“Buna bəraət qazandıra biləcək heç bir səbəb, hal və ya istisnalar yoxdur. Biz İranı tərəfdar çıxdığı müvafiq beynəlxalq müqavilə və sazişləri yerinə yetirməyə çağırırıq. Bundan başqa, BMT-nin İnsan Hüquqları üzrə Xüsusi Prosedurlar üzrə müvafiq mandat sahiblərinin ölkəyə sərbəst girişinə icazə verməyə və İnsan Hüquqları Şurasının yaratdığı müstəqil, beynəlxalq faktaraşdırıcı missiya ilə tam əməkdaşlığa səsləyirik”.
Avropa İttifaqı son olaraq qanunsuz həbs praktikasını dərhal dayandırmağa və bu şəkildə həbs etdiyi şəxsləri dərhal azad etməyə çağırıb.
“Aİ və ona üzv ölkələr İran qadın və kişilərinin fundamental hüquqlarına və onların istəklərinə güclü dəstəyini bir daha təsdiqləyir. Buna görə də biz İranda insan haqlarının vəziyyəti ilə bağlı narahatlıq doğuran məsələləri həll etmək üçün əlimizdə olan variantları nəzərdən keçirməyə davam edirik”.