Gürcüstan - Türkiyə sərhədində yeni gömrük-keçid məntəqəsinin açılışı olub
Gürcüstan-Türkiyə sərhədində, “Vale” gömrük-keçid məntəqəsinin sərhəd tərəfində yenilənmiş “Türkgözü” gömrük keçid məntəqəsinin açılışı olub.
InterPress.ge xəbər verir ki, açılış mərasimində Türkiyə tərəfinin dəvəti ilə Gürcüstanın maliyyə nazirinin birinci müavini Giorgi Kakauridzenin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Mərasimdə Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəis müavini Vladimir Xundadze, Gömrük İdarəsinin rəisi Zurab Siçinava və idarə rəisləri də iştirak ediblər.
Gürcüstan nümayəndə heyətinin üzvləri türkiyəli həmkarları ilə birlikdə yenilənmiş infrastruktura baş çəkib, gömrük nəzarəti prosedurları ilə tanış olublar.
Maliyyə nazirinin birinci müavini çıxış edərkən maliyyə naziri Laşa Xuçişvilinin adından türkiyəli həmkarlarını yenilənmiş gömrük infrastrukturunun açılışı münasibətilə təbrik edib və iki ölkə arasında gömrük sahəsində sıx əməkdaşlığın vacibliyini vurğulayıb ki, bu da öz növbəsində infrastruktur layihələri ilə yanaşı, gömrük prosedurlarının təkmilləşdirilməsi və sadələşdirilməsi, nəqliyyat vasitələrinin, malların və sərnişinlərin rahat hərəkətinin təmin edilməsi və ticarətin stimullaşdırılması ilə bağlıdır.
Giorgi Kakauridzenin sözlərinə görə, Gürcüstan hökumətinin prioritet istiqamətlərindən biri gömrük-keçid məntəqələrinin infrastrukturunun inkişafı, onların müasir avadanlıqla təchiz edilməsi və gömrük prosedurlarının səmərəli aparılmasıdır.
O, Türkiyədən müasir standartlar və ən son texnologiyalarla təchiz edilmiş daha bir keçid məntəqəsinin olmasının gömrük prosedurlarını sürətləndirəcəyinə və bunun regionda iqtisadi inkişafa töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Beynəlxalq yük axınının artması ilə əlaqədar olaraq, “Vale” gömrük-keçid məntəqəsi hər gün 150 yüngül avtomobil, 600-ə qədər sərhədi keçən şəxs və 300-dən çox yük maşınına xidmət göstərir. Türkiyə tərəfindən yenilənmiş gömrük infrastrukturunun açılmasından sonra qeyd olunan məlumatların iki dəfə artacağı gözlənilir.


