Saxta vergi sənədləri hazırlayıb istifadə etməklə dövlət əmlakına ziyan vuran şəxslər saxlanıldı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Sameqreloda saxta vergi sənədləri hazırlayıb istifadə etməklə dövlət əmlakına ziyan vurmaq faktına görə iki cinayətkar qrup ifşa edilib, 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
InterPress.ge xəbər verir ki, məlumatı İstintaq Xidməti yayıb.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər qanunsuz maddi gəlir əldə etmək məqsədilə idarə etdikləri şirkətlər adından qabaqcadan razılaşdırılaraq bir-birlərinə tikinti xidmətləri və təmir materiallarının çatdırılması ilə bağlı saxta vergi hesab-fakturaları tərtib ediblər, bu yolla saxta ƏDV aktivi yaradıblar, daha sonra cari vergi öhdəliklərini ödəmək üçün istifadə ediblər.
Təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində dövlət büdcəsinə ümumilikdə 214 730 lari dəyərində ziyan dəyib və istintaq mərhələsində həmin zərər tam ödənilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 210 və 185-ci maddələri ilə aparılır.


